close
close
20-05-2019

Azərbaycan və İran arasında radio-televiziya yayımı, tezliklərin idarəedilməsi və kommunikasiya infrastrukturu ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan və İran arasında radio-televiziya yayımı, tezliklərin idarəedilməsi və kommunikasiya infrastrukturu ilə bağlı məsələlər müzakirə olunub

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə İşçi Qrupunun ikinci toplantısı keçirilib. Bakıda keçirilən toplantıda gündəlikdə duran əsas məsələlər radio-televiziya yayımı, tezliklərin idarəedilməsi və kommunikasiya infrastrukturu ilə bağlı olub.

Görüşdə hər iki ölkə arasında ümumi maraqların qorunması və daha sıx əlaqələrin qurulmasında narahatlıq yaradan məsələlər müzakirə olunub. Qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin və əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonra hər iki tərəfdən təqdim edilən stansiyaların koordinasiyasında 2017-ci ilin dekabr ayında Tehranda razılaşdırılmış mexanizm əsasında tezliklərin koordinasiyasının plana uyğun şəkildə aparılması razılaşdırılıb.

Sərhədyanı ərazilərdə televiziya və FM radio yayımlarını tənzimləmək üsulları da müzakirə edilib.

Tezliklərin idarə edilməsi sahəsində də müəyyən razılaşma olub. Tərəflər 28 noyabr 2018-ci il tarixində Təbrizdə keçirilmiş iclasda razılaşdırılmış cədvəl çərçivəsində imzalanmış müqavilələrin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi və davam etdirilməsini qərara alıblar. Eyni zamada sərhəd ərazilərində mobil şəbəkələrə dair sazişlərin yerinə yetirilməsini yenidən nəzərdən keçiriblər.

Spektr monitorinqi və tezliklərin idarə edilməsi, eləcə də lisenziyalaşdırma da daxil olmaqla tənzimləyici işlər sahəsində təcrübə mübadiləsi və texniki məlumat mübadiləsi barədə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) mobil telefonların gələcək inkişafı üçün tezlik diapazonlarının istifadəsinə dair müzakirələr də aparılıb.

İKT ilə əlaqəli Beynəlxalq tədbirlərdə, xüsusilə də BTİ-nin konfranslarında razılaşdırılmış məqamlarda ölkələrin bir-birlərinə dəstək verməsinin vacibliyi qeyd edilib.

Tərəflər mobil və yayım xidmətlərində mövcud və yeni texnologiyalar, o cümlədən yeni tezlik zolaqlarının istifadə imkanları, pilot layihələrin həyata keçirilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsinin aparılmasını razılaşdırıb.