Mars
Layihənin əsas məqsədi qurulacaq MARS vasitəsi ilə radiosiqnalların çevik şəkildə aşkarlanması, qeydiyyat bazası ilə uyğunluğunun avtomatik yoxlanılması, icazəsiz radioelektron vasitələrin (REV) yerinin dəqiq və operativ təyin edilməsi, kənar yayımların vaxtında aşkarlanması, həmçinin efirdə baş verən proseslərin arxivləşdirilməsi, avtomatik təhlillərin aparılması, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının tələb və tövsiyələrinə uyğun olaraq, 24/7 rejimində efirə avtomatik və mərkəzləşdirilmiş nəzarətin təşkili və hesabatların operativ şəkildə əldə edilməsidir.
Tərəfimizdən “Təmiz radioefir” konsepsiyası ideyası irəli sürülmüşdür. Mütəmadi və real vaxt rejimində radiospektrdən istifadəyə sistemli nəzarət, tezliklərin koordinasiyası və icazəsiz istifadənin operativ formada məhdudlaşdırılması ilə REV-lərin maneəsiz işləməsi və efir məkanında kənar yayımların minimallaşdırılması “Təmiz radioefir” konsepsiyasının əsas ideyasını təşkil edir. Konspepsiya 3 komponentdən ibarətdir ki, bunlarda biri də ölkə ərazisində MARS-ın qurulmasıdır.
MARS qurulduqdan sonra, qeydiyyatda olan REV-lərin və təhlil olunacaq radiosiqnalların sayının artacağı proqnozlaşdırılır. Digər tərəfdən də qeyd edilən sistem vasitəsilə radiotezliklərdən səmərəli istifadə olunmasına nəzarət təmin ediləcək ki, bu da öz növbəsində ayrılmış radiotezlik nominallarının nə dərəcədə effektiv istifadə edildiyini qiymətləndirməyə imkan verəcəkdir. Nəticədə istifadəsiz qalmış tezlik resurslarının daha səmərəli istismarı üçün qarşımızda yeni imkanlar açılacaq və həmin tezlik zolaqlarının intensiv şəkildə istifadəsi məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Qeyd edilənlər efir təhlükəsizliyinə nəzarətin gücləndirilməsini təmin etməklə yanaşı iqtisadi gəlirlərin artmasını da stimullaşdıracaqdır.