Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
Cari ilin 26-30 avqust tarixlərində Turkiyə Respublikasının Ankara şəhərində Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransının hazırlıq qrupunun 9-cu iclası təşkil olunub.
Görüşün əsas məqsədi 2019-cu ildə keçiriləcək CEPT-ə üzv ölkələrin ÜRK-19-un gündəliyinin bəndləri üzrə maraqlarını əks etdirən məsələlərlə bağlı Avropa regionu üzrə ÜRK-19-a təkliflərin hazırlanmasıdır. Konfransa hazırlıq prosesi zamanı peyk şəbəkələri və 5G texnologiyası üzrə radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq yeni texnologiyalarda radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin araşdırılması məqsədilə koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlər nəzərdə tutulub.
Görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi təmsil edir. Azərbaycan nümayəndə heyəti konfransa hazırlıq görüşü çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparırlar.
Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransının gündəliyinin müvafiq bəndləri üzrə aparılan müzakirələrdə Azərbaycan rabitə administrasiyası “Ümumdünya Radiorabitə Konfransı-19”-un gündəliyinin 8-ci bəndi üzrə koordinatorluğu həyata keçirir.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək “Ümumdunya Radiorabitə Konfransı-2019” cari ilin 28 oktyabr - 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.