close
close
16-09-2024

Formula yarışlarında radiotezlik resurslarından maneəsiz istifadə uğurla təmin edilib

Bakı şəhərində sayca səkkizinci dəfə keçirilən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” yarışları 15 sentyabr tarixində başa çatdı. Belə mötəbər yarışların və irimiqyaslı müxtəlif tədbirlərin ölkəmizdə keçirilməsinin ənənə halını alması dünyada ölkəmizin dayanmadan artan nüfuzunun bariz göstəricisidir. Çünki belə tədbirlər yüksək səviyyəli təşkilatçılıq və ciddi texnoloji hazırlıq tələb edir. Bu tip analoji tədbirlər Dövlət Radiotezliklər İdarəsinin qarşısında da yeni vəzifələr qoyur, tədbirin təşkili və işıqlandırılması üçün tələbata uyğun sayda radiotezlik resurslarının ayrılması və onların mühafizəsinin təşkili tələb olunur. 

 

Dünyanın ən nüfuzlu motoidman tədbirinin, 300-ə yaxın yerli və xarici media nümayəndəsinin akkreditə olunduğu yarışların işıqlandırılması və təşkili üçün ümumilikdə 456 ədəd radiotezlik nominalının ayrılması təmin edilib. Tədbir ərəfəsində və yarışlar keçirilən günlərdə radiotezlik nominallarından maneəsiz istifadənin təmini məqsədilə Dövlət Radiotezliklər İdarəsinin 3 mobil radiomonitorinq stansiyası, 6 portativ radiomonitorinq qrupu tərəfindən davamlı şəkildə yarış keçirilən məkan və ətraf ərazilərdə radiomonitorinq işləri aparılıb.

 

Radiomonitorinq zamanı yarışların təşkili və işıqlandırılması üçün ayrılmış tezlik nominallarına radiomaneə təsiri yarada biləcək potensial şüalanma mənbələri aşkarlanaraq qabaqlayıcı tədbirlər sayəsində aradan qaldırılıb. Nəticədə yarışların işıqlandırılması və təşkili üçün ayrılmış radiotezlik nominallarında normal və dayanıqlı radioxidmətlərin təşkili təmin edilib. Həmçinin yarış günlərində müvafiq ərazilərdə mobil rabitə operatorlarının texnologiyalar üzrə siqnallarının əhatə dairəsi və qəbul səviyyələri, “Wi-Fi” şəbəkəsi xüsusi diqqətdə saxlanılıb. AzTV və “İctimai” TV, həmçinin özəl televiziya və radio proqramlarının respublika ərazisində keyfiyyətli yayımına gücləndirilmiş qaydada nəzarət olunub.