Dövlət Radiotezliklər İdarəsində ötən ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
Dövlət Radiotezliklər İdarəsində qurumun struktur bölmə rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclasda idarənin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əhədov çıxış edərək ötən il ərzində qurumun həyata keçirdiyi layihələr və tədbirlərlə bağlı ətraflı məlumat verib. O, xüsusilə radiotezlik və radioelektron vasitələrin qeydiyyatı, radiomonitorinq və texniki nəzarət sahəsində görülən işlərə, həmçinin qonşu ölkələrin rabitə administrasiyaları ilə keçirilmiş koordinasiya görüşlərində əldə edilən yüksək nəticələrə toxunaraq bu istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini vurğulayıb. İlham Əhədov, həmçinin 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi müxtəlif irimiqyaslı beynəlxalq və yerli tədbirlərdə fəaliyyət istiqaməti üzrə qurumun üzərinə düşən öhdəliklərin uğurla yerinə yetirildiyini qeyd edib.
Daha sonra struktur bölmələr tərəfindən ötən il üçün qarşıya qoyulmuş hədəflərin icrası ilə bağlı hesabatlar təqdim edilib. 2024-cü il ərzində qeydiyyata alınmış radioelektron vasitələrin sayı, aparılmış radiomonitorinq işlərinin nəticələri, elektron xidmətlər vasitəsilə daxil olmuş müraciətlərin və ötən il keçirilmiş “Müştəri məmnuniyyəti” sorğusunun statistik nəticələri müzakirə olunub.
İclasda, həmçinin idarənin fəaliyyətinin gələcəkdə daha da optimallaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi istiqamətində təkliflər də dinlənilib.
Sonda rəhbərlik tərəfindən 2025-ci il üçün müzakirə edilib təsdiqlənmiş hədəflərlə bağlı struktur bölmələrə müvafiq tapşırıqlar verilib.