close
close
06-05-2025

Dövlət Radiotezliklər İdarəsi yeni xidmətlərini təqdim edir

Respublika ərazisində radiotezlik idarəçiliyi işinin təşkili, həmçinin radio və televiziya yayımlarının əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən istifadəyə verilmiş iki yeni xidmət vasitəsilə radiotezlik istifadəçilərinə effektiv və qabaqcıl həllər təqdim olunur. Belə ki, radiotezlik istifadəçiləri onlara məxsus ötürücülərin yaratdığı elektromaqnit sahə gərginliyinin (xidmət sahəsinin) müəyyən edilməsi üzrə radiomonitorinq və ötürücünün əhatə dairəsinin (xidmət sahəsinin) hesablanması xidmətlərindən istifadə edə biləcəklər.   

Yeni xidmətlərimizlə radiotezlik istifadəçilərinə ikitərəfli müqavilə əsasında aşağıdakı imkanları təqdim edirik:

FM, DAB, DVB-T/T2 yayım ötürücülərinin radiomonitorinq xidməti

⦁ Faktiki xidmət sahəsinin monitorinqi

Radiotezlik istifadəçilərinə məxsus mövcud ötürücülərin əhatə dairəsi (xidmət sahəsi) müvafiq ərazilərdə radiomonitorinq olunur və xidmət sahəsi barədə ətraflı hesabat istifadəçilərə təqdim olunur.

⦁ Əhatə zonasının xəritəsi

Relyef nəzərə alınmaqla ötürücünün xidmət sahəsinin vizual xəritəsi hazırlanır və istifadəçilərə təqdim edilir.

⦁ Geniş hesabat

Radiotezlik istifadəçiləri tərəfindən ötürücülərdə daha uyğun texniki tənzimləmələrin edilməsi ilə bağlı hər bir ötürücü üzrə geniş və detallı hesabatlar təqdim olunur.

⦁ Tövsiyələr

Effektiv yayımın təşkili üçün istifadəçilərə texniki təkmilləşdirmələr üzrə zəruri tövsiyələr təqdim olunur.

 

FM, DAB, DVB-T/T2 yayım ötürücülərinin yayımının optimallaşdırılması, əhatə dairəsinin (xidmət sahəsi) hesablanması xidməti

 

⦁ Yayım zonasının (xidmət sahəsinin) hesablanması

Planlanan ötürücülərin yayım parametrləri xüsusi proqram təminatı ilə optimallaşdırılaraq əhatə dairəsi hesablanır. 

⦁ Əhatə zonasının xəritəsi

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən tövsiyə edilmiş norma və standartlara uyğun hesablanmış parametrlərə müvafiq olaraq planlanan ötürücülərin yayım sahəsi (xidmət sahəsi) xəritə üzərində vizuallaşdırılır .

⦁ Geniş hesabat

Planlanan ötürücülərin fərqli konfiqurasiyalarda texniki parametrlərinə uyğun ötürücünün əhatə dairəsi çərçivəsində istənilən məntəqədə sahə gərginliklərinin dəyəri göstərilməklə hesabat və xəritə üzərində vizuallaşdırılmış əhatə dairəsi hesablanaraq istifadəçilərə təqdim olunur.

⦁ Tövsiyələr

Xidmət sahəsinin daha da optimal təşkili üçün faydalı texniki və təşkilati tövsiyələr verilir.

 

Bu xidmətlər sayəsində radiotezlik istifadəçiləri müasir texnoloji imkanlardan istifadə etməklə xidmət sahələrini genişləndirə, yayım keyfiyyətini yüksəldə və daha səmərəli istismar şərtlərinə uyğun xidmətlər təqdim edə biləcəklər.

Radiotezlik istifadəçiləri bu xidmətlərdən faydalanmaq üçün Dövlət Radiotezliklər İdarəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat və dəstək ala bilərlər.