close
close
09-06-2023

Gürcüstanla sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə 2-5 iyun 2023-cü il tarixlərində sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib.

 

Məqsəd sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin və televiziya-radio yayımlarının tənzimlənməsi, yeni texnologiyalara keçidlə əlaqədar radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınmasıdır.

 

Radiomonitorinqlərin nəticələrinə əsasən 6-7 iyunda Tbilisi şəhərində mütəxəssislər arasında sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və yeni nəsil texnologiyalarının (5G, DAB+ və s.) tətbiqi üçün radiotezlik kanallarının razılaşdırılması üzrə müzakirələr aparılıb.

 

Sözügedən texnologiyaların sərhədyanı ərazilərdə tənzimlənməsi ilə əlaqədar hər iki tərəfdən müvafiq tədbirlərin görülməsi razılaşdırılıb.

 

Qeyd olunan birgə radiomonitorinq və müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.