close
close

YTM

Hazırda radiotezlik istifadəçilərinə radiotezliklərdən istifadəyə və qeydiyyatda olan radioelektron vasitələrin istismarına görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının 09 saylı protokol  qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə əsasən xidmət göstərilir. 

 

Son illərdə dünyada radiorabitə vasitələrinin sürətli inkişafı və bu sahədə müasir texnologiyaların tətbiqi ölkəmizdə də radiotezlik spektrinin idarəedilməsi sahəsində, o cümlədən  radiotezliklərdən ədalətli və səmərəli istifadəni təşviq edən yeni tarif siyasətinin formalaşdırılmasını zəruri etmişdir. Bununla əlaqədar olaraq, beynəlxalq təcrübə də nəzərə alınmaqla radiotezliklərdən istifadə üzrə yeni Tarif Metodikası hazırlanmışdır. Tarif Metodikasının hazırlanması zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri və  bir sıra dünya ölkələrinin təcrübəsi nəzərə alınmışdır.

 

Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrinin (REV) istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını, genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazinin sahəsini, radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması prinsip və şərtlərini müəyyən edir. 

 

Yeni Tarif Metodikasının tətbiqi yeni texnologiyalardan istifadəni təşviq edəcək,  radiotezliklərdən effektiv istifadəni stimullaşdıracaq, xidmət səviyyəsini yüksəldəcək, eləcə də radiotezliklərə olan tələbatın ədalətlilik və müştəri məmnunluğu prinsipləri nəzərə alınmaqla tənzimlənməsini mümkün edəcəkdir.

 

Müvafiq təsdiq prosesləri başa çatdıqdan sonra, radiotezliklərdən istifadə üzrə yeni Tarif Metodikasının tətbiqi nəzərdə tutulur.