close
close
02-05-2025

Dövlət Radiotezliklər İdarəsində tələbələrin istehsalat təcrübəsi uğurla davam edir

Dövlət Radiotezliklər İdarəsində Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. 

 

Təcrübə proqramı çərçivəsində sözügedən tədris müəssisələrinin “Radiotexnika və telekommunikasiya” ixtisası tələbələrinə həm praktiki, həm də nəzəri bilik və bacarıqlar əldə etmək imkanı yaradılıb. Ümumilikdə 36 nəfər tələbənin iştirak etdiyi istehsalat təcrübəsində idarə və onun fəaliyyət istiqamətləri, sahə üzrə əməkdaşlıq edilən beynəlxalq təşkilatlar və real iş mühiti barədə məlumatlar verilib, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Tələbələrə təcrübə müddətində radiomonitorinq və texniki nəzarət işinin təşkili, mobil rabitə və digər radiorabitə şəbəkələrində praktiki radiomonitorinq işlərinin aparılması, siqnalların identifikasiyası, radiotezlik nominallarının seçilməsi, beynəlxalq koordinasiya işləri barədə məlumatlar veriləcək. Həmçinin iş prosesində istifadə olunan radiomonitorinq sistemlərinin, müvafiq proqram təminatlarının, radioqəbuledici və spektral analizatorların, eləcə də anten sistemlərinin real zamanda iş prinsipləri nümayiş etdiriləcək.

 

Qeyd edək ki, istehsalat təcrübəsi 3 aylıq müddəti əhatə edir.