close
close
30-09-2024

Azərbaycan və Gürcüstan rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

23-28 sentyabrda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın Milli Kommunikasiya Komissiyası nümayəndələrinin birgə iştirakı ilə sərhədyanı ərazilərdə radio, televiziya yayımı və mobil rabitə şəbəkələrinin birgə radio monitorinqi və Gəncə şəhərində koordinasiyası üzrə görüş keçirilib. 

 

Görüşdə nazirliyin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri də iştirak ediblər.

 

Birgə radio monitorinqlərin nəticələrinə əsasən, hər iki tərəfdə televiziya və radio yayımlarının koordinasiya şərtlərinə uyğun həyata keçirildiyi və hər hansı maneə təsirinin olmadığı müəyyən edilib. Mobil rabitə şəbəkələrinin tənzimlənməsi ilə bağlı hər iki ölkənin operatorları tərəfindən müvafiq tədbirlər görülsə də, əlavə texniki tənzimləmə işlərinin görülməsi barədə razılıq əldə olunub.

 

Görüşdə Azərbaycan Respublikası ərazisində radio yayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, sərhədyanı ərazilərdə quraşdırılmış FM radio yayım stansiyalarının maneəsiz istismarı məqsədilə Gürcüstanla koordinasiya işlərinin həyata keçirilməsi müzakirə edilib.

 

DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə əlaqədar respublikanın qərb və şimal qərb bölgələrində quraşdırılacaq DAB+ standartlı rəqəmsal radio yayım stansiyalarının da tezliklərinin ilkin koordinasiyası həyata keçirilib.

 

Müzakirələr zamanı 5-ci nəsil (5G) texnologiyasına keçidlə əlaqədar hər iki ölkədə aparılan işlər və mobil operatorlara ayrılmış radiotezliklər və onlardan istifadə şərtləri barədə təcrübə mübadiləsi aparılıb.