close
close

Radiotezliklərdən istifadə üzrə Yeni Tarif Metodikasının tətbiqi

Son illərdə dünyada radiorabitə vasitələrinin sürətli inkişafı və bu sahədə müasir texnologiyaların tətbiqi ölkəmizdə radiotezlik spektrinin idarəedilməsi sahəsində, o cümlədən  radiotezliklərdən ədalətli və səmərəli istifadəni təşviq edən yeni tarif siyasətinin formalaşdırılmasını zəruri etmişdir. Bununla əlaqədar olaraq, radiotezliklərlə bağlı mövcud tariflərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq RİNN-in Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, KQ -10/22 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmışdır. Qərarın təsdiqindən və qeydiyyata alınmasından sonra Yeni Tarif Metodikası qüvvəyə minmişdir. 

 

Tarif Metodikasının hazırlanması zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri və  bir sıra dünya ölkələrinin təcrübəsi nəzərə alınmışdır.

 

Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrinin (REV) istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını, genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazinin sahəsini, radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması prinsip və şərtlərini müəyyən edir. 

 

Yeni Tarif Metodikasının tətbiqi yeni texnologiyalardan istifadəni təşviq edəcək,  radiotezliklərdən effektiv istifadəni stimullaşdıracaq, xidmət səviyyəsini yüksəldəcək, eləcə də radiotezliklərə olan tələbatın ədalətlilik və müştəri məmnunluğu prinsipləri nəzərə alınmaqla tənzimlənməsini mümkün edəcəkdir.