close
close

Gün

Saat

Dəqiqə

Saniyə
31-08-2021

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına namizədliyini irəli sürüb.

 

1992-ci ildən fəal üzv kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz daha əvvəl iki dəfə Şuraya üzv seçilib.

 

Qurumun idarəedici orqanı olan Şuraya hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans zamanı təşkilata üzv 193 ölkədən 5 region üzrə 48 üzv seçilir. Azərbaycan ilk dəfə adıçəkilən orqana 2014-cü ildə üzv olub. 2018-ci ildə ölkəmiz ikinci dəfə Şurada təmsil olunmaq hüququ qazanıb.

 

2022-ci ildə Rumıniyanın Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Radio Tənzimləmə Komitəsinə keçirilməsi nəzərdə tutulan seçkilərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparıcı məsləhətçisi Sahibə Həsənovanın namizədliyinin yenidən verilməsi planlaşdırılır və hazırda bununla bağlı beynəlxalq tədbirlərdə təşviqat kampaniyaları aparılır.

 

Sahibə Həsənova 2018-ci ildə ilk Azərbaycan nümayəndəsi olaraq BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib. O, tezliklərin istifadəsi və peyk koordinasiya işləri üzrə beynəlxalq təcrübəyə malik mühəndisdir. Hazırda Radiotənzimləmə Komitəsinin ən aktiv üzvlərindən biridir.

 

Qeyd edək ki, Radio Tənzimləmə Komitəsinin 12 üzvü var. BTİ-nin 193 üzv administrasiyadan yalnız 12 nümayəndəsi bu komitəyə seçilir. Bu üzvlər BTİ-nin Səlahiyyətli Konfransında 4 il ərzində fəaliyyət göstərir.

 

Məlumat üçün bildirək ki, Radio Tənzimləmə Komitəsinin iclasları il ərzində 3 dəfə keçirilir. Radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqan olan komitə Radio Reqlamentə əlavə olaraq prosedur qaydalarını, o cümlədən radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı BTİ-yə üzv olan administrasiyalar arasında olan mübahisəli məsələlər barədə qərarlar verir. Qərarlar gizli səsvermə ilə ən azı 3-dən 2 səs çoxluğu ilə qəbul edilir.