REV-lərin qeydiyyatı və radiotezliklərin istifadəsinə icazə prosedurunun sadələşdirilməsi
Layihənin əsas məqsədi ölkə ərazisində radioelektron vasitələrin (REV) qeydiyyatı və radiotezliklərin ayrılması prosedurunun sadələşdirilməsidir.
Layihə iki komponentdən ibarətdir. Birinci komponent REV-lərin qeydiyyatının asanlaşdırılması, ikinci komponent isə radiotezliklərin ayrılmasının sadələşdirilməsidir. Layihə çərçivəsində ölkəmizdə REV-lərin qeydiyyatı və PMR 446 analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından istifadə prosedurunun sadələşdirilməsi, bu sahədə inzibatçılığın azaldılması və elektron xidmətlərin təşviqi məqsədilə REV-lərin idxalı, uyğunluq sertifikatı və xüsusi icazələrin verilməsi və qeydiyyatı prosedurunun “Vahid Pəncərə Sistemi” prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Vahid Pəncərə Sistemi”nin tətbiqi ilə istifadəçilər müxtəlif instansiyalara deyil, vahid mərkəzə müraciət etməklə tələb edilən icazə və sertifikatları əldə edəcəklər. Bunun da nəticəsində vətəndaş məmnunluğu təmin ediləcək, ölkəyə keyfiyyətsiz və qeyri-standart avadanlıqların idxalı və istifadəsi əhəmiyyətli dərəcədə azalacaq, kənar şüalanmaların sayı minimuma enəcək, interferensiya halları azalacaq, efir təhlükəsizliyinə nəzarət daha da güclənəcək, habelə texnoloji trendlərin dinamik inkişafı stimullaşdırılacaqdır.