Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi
26-29 may tarixlərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Türkiyə Texnoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirildi.
Aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi və gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması məqsədi ilə təşkil olunan mötəbər tədbirdə mobil rabitə siqnallarının qəbul göstəricilərinin ölçülməsi və tədbirin təşkili üçün istifadə edilən radioelektron vasitələrin maneəsiz işinin təmin olunması istiqamətində Dövlət Radiotezliklər İdarəsinin radiomonitorinq qrupları tərəfindən intensiv işlər aparılmışdır.
Dörd gün boyunca davam edən festivalın keçirildiyi “Baku Cyrstal Hall” və Dənizkənarı bulvar ərazisində radiomonitorinq qruplarının operativ və peşəkar fəaliyyəti nəticəsində, eləcə də görülmüş qabaqlayıcı tədbirlər sayəsində istifadə edilən radioelektron vasitələrin maneəsiz işinin təşkili yüksək səviyyədə təmin edilmiş və festival uğurla yekunlaşmışdır.