Dövlət Radiotezliklər İdarəsi Formula 1 yarışlarında radiotezlik və radioelektron vasitələrdən maneəsiz istifadəni uğurla təmin etdi
Artıq planetin ən nüfuzlu avtoidman yürüşü olan Formula 1 üzrə dünya çempionatının Azərbaycan Qran Prisi geridə qaldı.
Formula 1 ailəsinin 10 ən nüfuzlu komandasının 20 pilotunun iştirakı ilə 10-12 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçirilən, 70 mindən çox yerli və əcnəbi azarkeşin canlı olaraq trekdən izlədiyi, 100-dən çox ölkəyə birbaşa olaraq yayımlanan Formula 1 Azərbaycan Qran Prisi yarışları zamanı istifadə edilən radioelektron vasitələrin maneəsiz işinin təmin olunması və Bakı Şəhər Halqası boyunca mobil rabitə siqnallarının qəbul vəziyyətinin araşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinin radiomonitorinq qrupları tərəfindən gücləndirilmiş iş rejimində intensiv şəkildə radiomonitorinq işləri aparılmışdır.
Görülmüş qabaqlayıcı və təxirəsalınmaz tədbirlər nəticəsində yarışların təşkili və işıqlandırılması üçün ayrılmış tezliklərdə istifadə edilən radioelektron vasitələrin normal və maneəsiz işi təmin edilmişdir.
Xatırladaq ki, 1950-ci ildən bəri təşkil olunan Formula 1 yarışlarına Bakı şəhəri 6-cı dəfə ev sahibliyi etdi.