“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalında növbəti yeni xidmət istifadəyə verilib.
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radiomaneələrlə bağlı müraciət” xidməti ilk dəfə olaraq elektronlaşdırılıb. Bugünədək radiotezlik istifadəçiləri və vətəndaşlar qarşılaşdıqları radiomaneələrlə bağlı DRİ-yə kağız daşıyıcılarda məktub vasitəsilə müraciət edirdilər.
Hazırda xidmət tam rəqəmsallaşdırılıb və Vahid Elektron Xidmətlər Portalı üzərindən istifadəyə verilib. Artıq istifadəçilər portala daxil olaraq kağız sənədlərdən istifadə etmədən daha sürətli formada radiomaneələrlə bağlı DRİ-yə müraciət edə biləcəklər.
Elektronlaşdırılma bu xidmətdən istifadəni daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir. Müraciətlərə baxılması radiomaneə mənbəyinin tapılması tələb olunmadığı halda 3 gün, tələb olunduqda 7 gün, digər şərtlər altında 30 gün ərzində ödənişsiz olaraq təmin edilir.
Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. Ümumilikdə 18 xidmət portala inteqrasiya edilib, digər 39 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.
Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Portalın yaradılması həmçinin elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın və interaktivliyin daha da artırılmasına təkan verəcək.