close
26-10-2022

Radiotezliklərdən istifadə üzrə yeni tariflərin qüvvəyə minməsi ilə əlaqədar Tarif (qiymət) Şurasının müvafiq qərarı qüvvədən düşüb

Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2022-ci il tarixli 1834 nömrəli Fərmanı ilə radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət xidmətlərinin sosial əhəmiyyət kəsb etmədiyi nəzərə alınaraq, radiotezliklərdən istifadə üzrə tariflərin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırmaqla müəyyənləşdirilməsi qərara alınıb.

 

Bununla əlaqədar sözügedən Fərmanın icrası məqsədilə “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası” hazırlanıb. Metodika müvafiq nazirliklərlə razılaşdırılaraq  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli KQ-10/22 nömrəli qərarı ilə təsdiq edilib. Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində 2022-ci ilin 28 sentyabr tarixində dərc edilib və həmin gündən də qüvvəyə minib.

 

Yuxarıda qeyd olunan dəyişikliklərdən sonra Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli iclasının 09 saylı Protokolu ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” barədə Qərarının qüvvədən düşməsi zəruri hesab olunub. Bununla əlaqədar olaraq Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında müvafiq qərar ləğv edilib.