close
close
16-05-2023

Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında keçirilən koordinasiya iclası başa çatıb

Azərbaycan Respublikası və Rusiya Federasiyasının rabitə administrasiyaları arasında TV, radio və digər yerüstü xidmətlərin koordinasiyası ilə bağlı Quba şəhərində keçirilən iclas öz işini başa çatdırıb.

 

İclas müddətində sərhədyanı ərazilərdə FM radio yayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, 700 MHs, 3.4-3.7 QHs və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən nəzərdə tutulan digər tezlik diapazonlarında yeni nəsil mobil rabitə xidmətlərinin təşkili müzakirə edilib. Eyni zamanda qarşılıqlı maneə təsirlərinin yaranmaması və keyfiyyətli mobil rabitə xidmətlərinin göstərilməsi üçün hər iki tərəfin mobil rabitə operatorları tərəfindən istifadə olunacaq mobil rabitə şəbəkələrinin texniki parametrləri razılaşdırılıb.

 

Həmçinin rəqəmsal radio yayımına keçidlə əlaqədar müzakirələr aparılıb və BTİ tərəfindən ayrılmış tezlik kanallarından maneəsiz və səmərəli istifadə ilə bağlı Azərbaycan tərəfinin təklifləri qarşı tərəfə təqdim edilib.

 

İclasda BTİ tərəfindən cari ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransının qərarları nəzərə alınmaqla sərhədyanı ərazilər üzrə koordinasiya işlərinin davam etdirilməsi qərara alınıb.