close
close
08-07-2023

Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 55-ci ildönümü

10 iyul tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 55 ili tamam olur. İdarə bu illər ərzində tarixi bir inkişaf yolu qət edib. Belə ki, qurum 1968-ci ilin 10 iyul tarixində Bakı şəhərində “Texniki Radionəzarət Stansiyası”nın nəzdində yaradılıb. 1977-ci ildə Rabitə Nazirliyinin tərkibində “Dövlət Elektrik Rabitə Müfəttişliyi” yaradılıb və 1979-cu ildə “Texniki Radionəzarət Stansiyası” müfəttişliyin tabeliyinə verilib. 

 

Daha sonra 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə “Texniki Radionəzarət Stansiyası” bazasında “Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi” (REVEMUM) yaradılıb. 1998-ci ildə isə “Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi”  “Dövlət Radiotezliklər İdarəsi” adı ilə dövlət qeydiyyatına alınıb. 

 

Bu gün ölkə ərazisində mülki məqsədlər üçün istifadə olunan tezlik nominallarının istifadəçilərə təyini və uçotu, həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrin qeydiyyatı, elektromaqnit uzlaşması və koordinasiyası, radiomonitorinq və texniki nəzarət işləri, radiotezlik idarəçiliyi üzrə proseslərin avtomatlaşdırılması, eləcə də yeni radiorabitə texnologiyalarının ölkəmizdə tətbiqi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə məhdud təbii resurs olan radiotezliklərdən səmərəli və şəffaf qaydada istifadənin təmin edilməsi işləri məhz Dövlət Radiotezliklər İdarəsi tərəfindən həyata keçirilir. 

 

Hazırda idarənin Bakı şəhərində 4, regionlarda isə 9 stasionar radionəzarət stansiyası, həmçinin ümumilikdə 7 ədəd mobil radiomonitorinq stansiyası fəaliyyət göstərir.

 

Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 55-ci ildönümü münasibətilə kollektivimizin hər bir üzvünü təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.