Son 20 ildə radiotezlik spektrinin idarəçiliyi sahəsində radiotezlik və radioelektron vasitələrinin qeydiyyatı və istifadəsi ilə bağlı görülən işlər
Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 2003-2023-cü illər ərzində ölkə ərazisində radiotezlik resursundan istifadəyə icazələrin alınması, radioelektron vasitələrinin (REV) qeydiyyatının sadələşdirilməsi, icazəsiz istifadə hallarının qarşısının alınması, eləcə də istifadədə olan REV-lərə nəzarətin təmin olunması məqsədilə qanunvericilik, texniki və iqtisadi istiqamətlər üzrə məqsədyönlü və əhəmiyyətli tədbirlər görülüb.
Müxtəlif dövrlərdə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda, İnzibati Xətalar Məcəlləsində, Nazirlər Kabinetinin müvafiq Qərarları ilə sahəvi Qaydalarda dəyişikliklər olunub. Dəyişiklik və əlavələrə əsasən, radiotezliklərdən istifadə üzrə yeni tarif metodikasına keçid, radiotezliklərin müddətli ayrılması, müvafiq icazə alınmadan radiotezliklərdən və REV-lərdən istifadə edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi, radiomaneə təsirlərinin araşdırılması üzrə müddətlərin yenidən təsnifatlandırılması və günün tələblərinə uyğun dəyişdirilməsi, REV-lərin güc meyarının müəyyənləşdirilməsi, eləcə də radiotezliklərdən istifadə üzrə Nümunəvi Müqavilə forması müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilib.
Həmçinin son dövrlərdə PMR 446 analoq və rəqəmsal əldədaşınan radiostansiyalardan istifadənin asanlaşdırılması və qısa müddətdə qeydiyyatının təmini üçün 446.000-446.100 MHs tezlik zolağının istifadəçilərə ayrılması proseduru sadələşdirilib və həmin radiostansiyalar üçün xüsusi icazənin alınması tələbi aradan qaldırılıb.
Görülmüş bütün bu tədbirlər nəticəsində qeydiyyatda olan REV-lərin sayı 2003-cü ildə olan 31,000 ədəddən hazırda 62,728 ədədə çatıb.