close
close
01-05-2024

Dövlət Radiotezliklər İdarəsində ASİS layihəsi üzrə təlimlərə başlanılıb

Dövlət Radiotezliklər İdarəsində (DRİ) Avtomatlaşdırılmış Spektr İdarəetmə Sistemi (ASİS) layihəsi üzrə “ICS manager & HTZ communications” proqram təminatları çərçivəsində təlimlərə başlanılıb.

 

Texniki rəhbərlər və işçi heyəti üçün təşkil olunan və 10 gün davam edəcək təlimləri “ATDI” şirkətinin təcrübəli mütəxəssisi keçir.

 

Təlimdə iştirakçılar “ATDI” şirkətinin məhsulu olan müvafiq proqram təminatları ilə məlumat bazalarının yaradılması, konfiqurasiyası, müxtəlif statistik hesabat və məlumatların hazırlanması, inteqrasiyası, analiz və təhlillərin aparılması və digər funksional sahəvi mövzular üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Məqsəd radiotezliklər, radioelektron vasitələr və istifadəçi məlumat bazasının avtomatlaşdırılmış şəkildə idarəedilməsi, koordinasiya və elektromaqnit uzlaşması üzrə işlərin beynəlxalq təcrübə və qabaqcıl texnoloji ölkələr tərəfindən tətbiq olunan həllərə uyğun təşkilidir.

 

Qeyd edək ki, ASİS layihəsi çərçivəsində ilin sonunadək həm radiotezliklərin planlaşdırılması, qeydiyyatı və uçotu, həm də radiotezliklərin beynəlxalq koordinasiyası üzrə işlərin müasir dövrün tələblərinə uyğun avtomatik həyata keçirilməsi, proseslərin izlənilməsi və nəzarəti, müxtəlif radioxidmətlər üzrə radiotezlik spektrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə sözügedən proqram təminatı modullarının DRİ-də qurulması və istifadəyə verilməsi planlaşdırılır.