Dövlət Radiotezliklər İdarəsi və “Aselsan-Bakü” şirkəti arasında görüş keçirilib
Dövlət Radiotezliklər İdarəsi (DRİ) və “Aselsan-Bakü” şirkətinin rəhbər heyətləri arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib.
Görüşdə DRİ-nin rəisi vəzifəsini icra edən İlham Əhədov qonaqları salamlayaraq, qurumun fəaliyyət istiqamətləri üzrə yeniliklər və həyata keçirilmiş layihələrdən bəhs edib.
“Aselsan-Bakü” şirkətinin rəhbəri Özgür Kürüm birgə və səmərəli əməkdaşlıqdan məmnunluq hissini ifadə edərək qarşılıqlı maraq doğura biləcək layihələrdən söz açıb. Şirkət nümayəndələri müxtəlif çeşidli yeni texnoloji radiorabitə məhsulları haqqında məlumat verib.
Görüşdə mövcud imkanlar, gələcək əməkdaşlıq perspektivləri və radiorabitə sahəsində yeniliklərə cavab verən müasir sistemlərin qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonda “Aselsan-Bakü” şirkəti tərəfindən Dövlət Radiotezliklər İdarəsinə xatirə hədiyyəsi təqdim olunub.