close
close
08-05-2021

Dövlət Radiotezliklər İdarəsində Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 8 may 2021-ci il tarixdə Dövlət Radiotezliklər İdarəsində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə bir sıra əməkdaşların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, uzaq görən və peşəkar idarəetmə siyasətindən, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, respublikanın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoymuşdur.  

Azərbaycanın inkişaf tarixinin son 50 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Həmçinin, tədbirdə Ümumilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin güclü daxili və xarici  siyasəti nəticəsində II Qarabağ müharibəsində Azərbaycanın böyük tarixi zəfər qazanması, torpaqlarımızın işğaldan azad olunması da xüsusi vurğulandı.

Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.