close
close
27-06-2021

Nazir Rəşad Nəbiyevin iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair müzakirələr aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb. İclasda ADY Müşahidə Şurasının sədri və üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərbaycan Dəmir Yolları” QSC və “McKinsey&Company” şirkətinin nümayəndələri  iştirak ediblər.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və  mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

 

Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

 

Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.

 

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin  strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək  dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir  və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

 

Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.