close
close

Qaydalar və təlimatlar

Tezlik və radioelektron vasitələrin (REV) istifadəçisi olmaq istəyən hər bir vətəndaş aşağıda verilən məlumatlar haqqında bilməli və onlar üçün göstərilən qaydalara əməl etməlidirlər:

• Respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan REV-lər üçün radiotezlik nominallarının ayrılması məqsədi ilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.
• Müraciətlər nəzərdə tutulmuş şəbəkənin təyinatı, istifadə olunacaq radiotezliklərin diapazonları, radiotezliklərin sayı, zolaqların eni, istifadə olunacaq texnologiyalar və avadanlıqlar haqqında digər texniki məlumatlar əsasında nəzərdən keçirilir. 
• Fəaliyyətdə olan radiorabitə şəbəkələrinin və avadanlıqlarının yeniləşdirildiyi zaman istifadə olunan tezlik zolaqlarının (kanallarının) və Komissiyanın qərarında göstərilən dislokasiya yerinin dəyişdirilməsi tələb olunduğu təqdirdə, yenidən müvafiq qaydada Komissiyaya müraciət olunmalıdır.
• Xarici tərsanələrdə hazırlanan gəmilərdə (təyyarələrdə) REV qoyularkən, radiotezlik ayrılması barədə müraciət gəminin (təyyarənin) sifarişçisi tərəfindən təqdim olunmalıdır.


Müraciətin təqdimat müddəti aşağıdakı kimi olmalıdır: 


• İşlənilib hazırlanan və istehsal edilən REV-lər üçün - eskiz mərhələsindən və ya eskiz-texniki layihələndirmə müddətindən gec olmayaraq; 
• Xaricdən alınan REV-lər üçün - danışıqlar aparıldığı mərhələdə; 
• ETİ-də və eksperimental işlərdə istifadə olunan REV-lər üçün - tematik tapşırığın təsdiq olunduğu andan 2 (iki) aydan gec olmayaraq. 
• REV-lərin işçi tezlik diapazonları tezlik zolaqlarının ayrılması cədvəli ilə uyğunsuzluq təşkil edərsə, belə müraciətlər üzrə radiotezliklərin ayrılması məsələsinə baxılmır və bu haqda müraciət edən şəxsə əsaslandırılmış rəsmi məlumat verilməlidir. 
• Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə tezlik ayrılması barədə müraciətlərə bilavasitə Komissiyanın iclasında baxılır, tələb olunduğu təqdirdə, müraciətlə bağlı iclasda həmin təşkilatı təmsil edən Komissiya üzvü və ya onun dəvət olunmuş nümayəndəsi tərəfindən şifahi və ya yazılı arayış verilməlidir. 
• Komissiyanın iclas protokoluna əsasən hər bir müraciətlə bağlı qərarın surəti 10 (on) gündən gec olmayaraq müraciət edən şəxsə göndərilməlidir. • Komissiyaya daxil olmuş müraciətlərə 2 (iki) aydan gec olmayaraq cavab verilməlidir. 


Tezlik ayrılması barədə müraciətlərə baxılarkən, aşağıdakı amillər əsas götürülür:


• Radioşüalanmanın texniki xarakteristikalarının REV-lərin elektromaqnit uzlaşması sahəsindəki mövcud normativ-texniki sənədlərin tələblərinə cavab verməsi; 
• Tələb olunan tezlik nominallarının istifadədə olan REV-lərin tezlik nominallarına radiomaneə təsirinin istisna olması; 
• Qanunvericiliyə əsasən verilən lisenziyaların şərtlərinə cavab verməsi; 
• İcbari sertifikatlaşma üzrə tələblərə uyğunluq; 
• Qanunvericiliyə əsasən verilən nömrə resursu üzrə şərtlərə uyğunluq; 
• Ayrılması nəzərdə tutulan tezliklərin respublika ərazisində istifadəsinin dövlət orqanları tərəfindən götürülmüş beynəlxalq öhdəliklərin pozulmasına səbəb olmaması. 
• Komissiyanın qərarı haqqında bildiriş aldıqdan sonra istifadəçi konkret tezlik nominallarının (kanallarının) qeydiyyata alınması üçün 10 (on) gün müddətində DRİ-yə müraciət etməlidir. 
• Radiomübadilə prosesində radiotezlik istifadəçilərinin məxfiliyi qorunmalıdır. 
• Radiorabitə şəbəkələrində uyğunluq sertifikatı olmayan və ya nasaz olan avadanlıqların istifadəsi yolverilməzdir. 
• İstifadəçilər tərəfindən radiorabitə vasitələrinin istismarı şərtlərinin pozulması faktları (bu faktlar avadanlığın texniki kənaraçıxmaları ilə əlaqədar baş verdiyi halda da) aşkar edildikdə, həmin avadanlıqların istismarına DRİ tərəfindən verilən “icazə”lərə məhdudiyyət qoyulur və ya onlar ləğv edilir. 
• Müəssisədaxili radiorabitə şəbəkələrində radiomübadilə zamanı DRİ tərəfindən ayrılmış çağırış siqnalından istifadə olunmalıdır. 
• Radiorabitə şəbəkələrinin işi fəaliyyətdə olan digər şəbəkələrə radiomaneələr yaratmamalıdır.