Mərkəzləşdirilmiş Radiomonitorinq Sistemi
Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün radiotezlik spektr idarəçiliyi, radiomonitorinq, efir təhlükəsizliyi, radioelektron vasitələrin istismarına və elektromaqnit uzlaşmasına nəzarət, həmçinin radiotezliklərin və radioelektron vasitələrinin uçotunun aparılması Dövlət Radiotezliklər İdarəsi tərəfindən həyata keçirilir.
Dövlət Radiotezliklər İdarəsi yeni texnoloji trendlərə uyğun olaraq radiotezlik istifadəçiləri üçün maneəsiz efirin təmin edilməsi, kənar yayımlara nəzarət, müasir texnologiyalar və texniki tələblərə, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyyələrinə uyğun istismar şəraitinin yaradılması üçün bir sıra layihələrin həyata keçirilməsi üzərində iş aparmaqdadır.
Bu layihələrdə gündəlik işlərin optimallaşdırılması, texnoloji infrastrukturun mütəmadi olaraq günün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi, interferensiya hallarının operativ və avtomatik şəkildə idarə olunması, efir təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və işin yüksək səviyyədə təşkili nəzərdə tutulur.
Layihə çərçivəsində respublika ərazisində vahid mərkəzdən idarə edilə biləcək radiomonitorinq sisteminin qurulması nəzərdə tutulmuşdur.
Mərkəzləşdirilmiş radiomonitorinq sisteminin yaradılması sayəsində günün tələblərinə və texnoloji trendlərə uyğun olaraq radiotezlik spektrinin qorunması və səmərəli istifadəsi, radioelektron vasitələrin elektromaqnit uzlaşmasının təmin edilməsi və maneəsiz işinin təşkili, Beynəlxalq Telekommunikasiya İttifaqının tələb və tövsiyələrinə uyğun olaraq radiotezliklərə nəzarətin təşkili və radioelektron vasitələrinin işinə texniki nəzarətin operativ şəkildə təşkili təmin ediləcəkdir.
Mərkəzləşdirilmiş Radiomonitorinq Sisteminin əsas üstünlükləri aşağıdaklardır:
- radiotezliklərdən səmərəli və effektiv istifadə edilməsinə nəzarət;
- tezlik spektrinə istənilən zaman kəsiyində nəzarət;
- efirə çıxan radiosiqnalların daha çevik aşkarlanması, radiomonitorinqi və analizi;
- aşkarlanmış radiosiqnalların avtomatik şəkildə vahid qeydiyyat bazası ilə uyğunluğunun yoxlanılması;
- aşkarlanmış radioelektron vasitələrin (REV) yerinin və parametrlərinin təyin olunması;
- radiotezliklərin maneəsiz istifadəsinin təmin edilməsinə nəzarətin təşkili;
- efir və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq məlumatların operativ şəkildə əldə edilməsi;
- kənar yayımların vaxtında aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün məlumatların BTİ tövsiyyələrinə və Beynəlxalq standartlara uyğun olaraq, sistem tərəfindən aidiyyəti qurumlara göndərilməsi;
- DRİ-nin gündəlik radionəzarət, radiomonitorinq işinin təşkili və avtomatlaşdırılması;
- Radiorabitə və digər radiotezliklərdən istifadə haqda məlumatların arxivləşdirilməsi.
- Qeyri-standart və texniki tələblərə uyğun olmayan REV-lərin və radiosiqnalların aşkarlanması və sistemli analizi;
- Beynəlxalq tədbirlər zamanı efir təhlükəsizliyinin təmin edilməsi.
Layihə çərçivəsində sistemin idarəetmə mərkəzinin Bakı şəhərində quraşdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ümumilikdə respublika ərazisində mərhələli şəkildə 50 məntəqədə xidmət olunmayan radiomonitorinq stansiyası quraşdırılacaqdır. Qeyd edilən radiomonitorinq stansiyalarını strateji yerlərdə - sərhədyanı ərazilər, iqtisadi-sənaye zonaları, kütləvi tədbirlərin keçirildiyi məkanlar və s. ərazilərdə qurulması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi efir təhlükəsizliyinə nəzarətin gücləndirilməsi işinə, radiospektrə daimi və sistemli nəzarət edilməsinə, analitik analizin aparılmasına, dinamik hesabatların əldə edilməsinə, efirdə baş verən proseslərin arxivləşdirilməsinə və s. zəruri işlərin operativ şəkildə icra edilməsinə imkan verəcəkdir.
Radiomonitorinq sistemi qurulub istifadəyə verildikdən sonra Dövlət Radiotezliklər İdarəsində qeydiyyatda olan radioelektron vasitələrin və təhlil olunacaq radiosiqnalların sayının artacağı proqnozlaşdırılır. Digər tərəfdən də qeyd edilən sistem vasitəsilə radiotezliklərdən səmərəli istifadə olunmasına nəzarət təşkil ediləcəkdir ki, bu da öz növbəsində ayrılmış radiotezlik nominallarının nə dərəcədə effektiv istifadə edildiyini qiymətləndirməyə imkan verəcəkdir. Nəticədə istifadəsiz qalmış tezlik resurslarının daha səmərəli istismarı üçün qarşımızda yeni imkanlar açılacaq və həmin tezlik zolaqlarının intensiv şəkildə istifadəsi məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bütün bu qeyd edilənlər efir təhlükəsizliyinin nəzarətin gücləndirilməsinin təmin edilməsi ilə paralel Dövlət Radiotezliklər İdarəsinin gəlirlərinin də artmasına təkan verəcəkdir.