close
13-07-2022

Heydər Rüstəmov: “Tətbiq ediləcək yeniliklər sayəsində tezlik resurslarından səmərəli istifadə təmin olunacaq”

“Tezliklərin bazar iştirakçıları arasında ədalətli bölünməsi yolu ilə texnoloji inkişafı təşviq etmək qarşımıza qoyulan əsas tapşırıqdır”.

 

Bu sözləri müsahibəsində Dövlət Radiotezliklər İdarəsinin rəisi Heydər Rüstəmov deyib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Radiotezliklər üzrə Dövlət Komissiyası radiotezliklərin ayrılmasının sadələşdirilməsi ilə bağlı qərar qəbul edib. Bu qərar istifadəçilərə və müştərilərə nələr vəd edir?

 

- Sadələşdirmə ilkin olaraq əhalinin daha çox tələbatının olduğu və müraciətlərin çoxluq təşkil etdiyi əldə daşınan radiostansiyaları əhatə edir. Belə ki, hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000 – 446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə (DRİ) müraciət edəcəklər. İndiyədək bu tip müraciətlər Radiotezliklər üzrə Dövlət Komissiyasına ünvanlanırdı. Qaydalara əsasən, onlara 2 ay ərzində baxılaraq qərar verilirdi.

 

Yeni dəyişikliyə əsasən isə müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonrakı 3 iş günü ərzində tezlik nominallarının ayrılması mümkün olacaq.    

 

Tətbiq ediləcək yenilik və sadələşdirmələr sayəsində tezlik resurslarından səmərəli istifadənin təmin olunması ilə bağlı prosedurlar beynəlxalq standartlara uyğunlaşdırılaraq operativ və effektiv formada tənzimlənəcək. 

 

- Radiotezliklər məhdud resursdur və tənzimlənməsi dövlətin səlahiyyətlərinə daxildir. Bu, özlüyündə şəffaf nəzarət və tənzimləmə mexanizminin olmasını tələb etməklə yanaşı, istifadəçi məmnunluğunun təmin edilməsini, proseslərin sadələşdirilməsini labüd edir. Bu istiqamətdə daha hansı tədbirlər görülməsini planlaşdırırsınız?

 

- Çox doğru vurğuladınız. Radiotezliklər məhdud resurs olduğu üçün onun bütün bazar iştirakçıları arasında yalnız ədalətli və rasional bölünməsi telekommunikasiya xidmətlərinin inkişafının lokomotivi ola bilər. Qeyd edim ki, biz “Təmiz radioefir” konsepsiyasını irəli sürmüşük.

 

Mütəmadi və real vaxt rejimində radiospektrdən istifadəyə sistemli nəzarət, koordinasiya və icazəsiz istifadənin operativ formada məhdudlaşdırılması ilə radioelektron vasitələrin (REV) maneəsiz işləməsi, efir məkanında kənar yayımların minimallaşdırılması “Təmiz radioefir” məkanının bünövrəsini təşkil edir. Konsepsiya özündə avtomatlaşdırmanı, əlçatanlığı və proseslərin sadələşdirilməsini də nəzərdə tutur. Bununla əlaqədar olaraq REV-lərin qeydiyyatı və tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi istiqamətində araşdırmalar aparılıb. Mövcud vəziyyət, çətinliklər, prosedurların mürəkkəbliyi səbəbindən yaranan problemlər təhlil olunub.

 

Eləcə də beynəlxalq təcrübə və qabaqcıl texnologiyalı ölkələrin tətbiq etdikləri həllər araşdırılıb və nəticədə “Radioelektron vasitələrin qeydiyyatı və radiotezliklərin ayrılması prosedurunun sadələşdirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə iki komponentdən ibarətdir. Birinci komponent REV-in qeydiyyatının asanlaşdırılması, digəri isə radiotezliklərin ayrılmasının sadələşdirilməsidir. İkinci komponent barədə artıq ilk sualınıza cavabda məlumat verdim. Layihənin hər iki elementinin icrası istifadəçi məmnunluğuna yönəlib. Layihə üzrə artıq əhəmiyyətli işlər görülüb. Hazırda REV-in qeydiyyatının asanlaşdırılması üzrə texniki platformanın yaradılması üzərində iş aparılır. Düşünürük ki, yaxın günlərdə konkret addımlar atılması mümkün olacaq. 

 

- Radiotezliklər üzrə Dövlət Komissiyasının uzun fasilədən sonra fəaliyyətə başlaması bu sahənin inkişafına və sizin qurumun fəaliyyətinə necə təsir edir? 

 

- Radiotezliklər üzrə Dövlət Komissiyası 2018-ci ilin yanvar ayından etibarən fəaliyyət göstərmirdi. Dövlət Komissiyasının son 4 il ərzində fəaliyyət göstərməməsi bu sahədə kifayət qədər vacib məsələlərin icrasını və sənədlərin təsdiqini gecikdirmiş, çoxsaylı müraciətlərin baxılmamış qalması ilə nəticələnmişdi. Bu isə haqlı narazılığa səbəb olmaqla yanaşı, DRİ-nin fəaliyyətində də müəyyən durğunluğun olmasına, radiotezliklər və REV-dən icazəsiz istifadə hallarının artmasına şərait yaratmışdı.

 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2021-ci ilin may ayında Radiotezliklər üzrə Dövlət Komissiyası yaradıldı, həmin ilin dekabrında isə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edildi. Beləliklə, yeni formatda və tərkibdə yaradılmış Dövlət Komissiyası 2022-ci ildən fəaliyyətə başladı və ilk iclası bu ilin 17 yanvar tarixində keçirildi. İndiyədək Dövlət Komissiyasının 3 toplantısı olub.

 

Dövlət Komissiyasının iclaslarında əvvəlki komissiyaya edilmiş müraciətlər də daxil olmaqla radiotezliklərin ayrılması ilə bağlı çoxlu sayda müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Həmçinin bir sıra normativ tənzimləyici sənədlər, məsələn, Milli Tezlik Cədvəli, Radiotezliklər spektrinin perspektiv istifadə planı, mobil (IMT) standartlı yeni texnologiyaların tətbiqi üçün nəzərdə tutulan tezlik zolaqlarının bölgüsü cədvəlləri və s. təsdiq edilib.

 

Komissiyanın fəaliyyətə başlaması və mühüm sənədlərin qəbul olunması ölkəmizdə yeni radio texnologiyaların və sistemlərin inkişafına təkan verməklə yanaşı, radiotezliklərin ayrılması, qeydiyyatı və uçotu sahəsində işlərin səmərəli qurulmasını, eləcə də istifadəçi məmnunluğunun təmin edilməsini stimullaşdırır. 

 

- Radiotezlik resurslarından istifadə sahəsində atılan bu addımlar, Sizcə, hansı nəticələr verəcək? 

 

- Radiotezlik resurslarından səmərəli istifadə edilməsi və tezliklərin bazar iştirakçıları arasında ədalətli bölünməsi yolu ilə texnoloji inkişafı təşviq etmək qarşımıza qoyulan əsas tapşırıqdır.

 

Bununla bağlı beynəlxalq təcrübə araşdırılıb, beynəlxalq təşkilatların qərar və tövsiyələri ətraflı öyrənilməklə təkliflər paketi hazırlanıb. Həmin paketə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, radiotezlik spektrindən səmərəli istifadəni stimullaşdırmağa imkan verən yeni tarif yanaşmasının qəbul edilməsi, eləcə də radiotezlik spektrinin planlaşdırılması, ayrılması, qeydiyyatı və uçotu sahəsində avtomatik idarəetmə sisteminin qurulması ilə bağlı tədbirlər, layihələr daxildir. Hesab edirik ki, bu təkliflər paketinin reallaşması radiotezliklərdən ədalətli, rasional və səmərəli istifadəni təmin edəcək, eyni zamanda “Təmiz radioefir” konsepsiyasının həyata keçməsinə imkan yaradacaq.

 

- Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

 

- Buyurun. Mən təşəkkür edirəm.