close
close
20-02-2023

Azərbaycan Texniki Universitetinin tələbələri Dövlət Radiotezliklər İdarəsində təcrübəyə başlayıblar

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) istehsalat və elmi-tədqiqat təcrübəsinə başlayıblar.

 

“Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavr tələbələri 3 ay müddətində, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistr tələbələri isə 1 ay müddətində DRİ-də təcrübə keçəcəklər.

 

Təcrübə müddətində tələbələrə təcrübə proqramları əsasında DRİ-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq radiotezlik spektrinin idarə edilməsi, texnologiyalar üzrə tezliklərin planlaması, radiomonitorinq  və texniki nəzarət işinin təşkili, praktiki olaraq radiomonitorinq işlərinin aparılması, elektromaqnit uzlaşmasının təmini və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi mövzularında təlimlər keçiriləcək.

 

Həmçinin tələbələr təcrübə müddətində DRİ-nin Bakı şəhərində yerləşən məntəqələrində praktiki məşğələlərə cəlb olunacaqlar.

 

Təcrübə müddətinin sonunda tələbələr gələcəkdə uyğun vakansiyaların yaranacağı təqdirdə aidiyyəti üzrə işlə təmin edilmələri məqsədilə DRİ-nin ehtiyat kadr bazasına əlavə ediləcəklər.