close
close
19-04-2023

Dövlət Radiotezliklər İdarəsi və Azərkosmos arasında görüş keçirilib

Azərbaycan Respublikasının Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Dövlət Radiotezliklər İdarəsi və Azərkosmos arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair ikitərəfli görüş keçirilib.

 

Hər iki qurumun rəhbərliyinin və aidiyyəti struktur bölmə əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə tərəfləri maraqlandıran texniki, iqtisadi və təşkilati məsələlər gündəlikdə olub.

 

Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov görüş iştirakçılarına Azərkosmosun fəaliyyəti, telekommunikasiya və yerin məsafədən müşahidəsi xidmətləri, peyklərin texniki imkanları barədə ətraflı məlumat verib.

 

Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsini icra edən İlham Əhədov həyata keçirilən cari layihələrdən, Avtomatlaşdırılmış Spektr İdarə Sisteminin (ASİS) qurulması üzrə görülən tədbirlərdən, o cümlədən işğaldan azad edilmiş ərazilərdə radiomonitorinq stansiyalarının qurulması ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.

 

Görüşdə bu il Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinə və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq işlərinin gedişatından bəhs olunub.

 

Gələcək perspektivlər baxımından Azərbaycanda peyk internet xidmətlərində “Starlink”in imkanları və Avropa Geostasionar Naviqasiya Sisteminin (EGNOS) hüdudlarının ölkə ərazisini əhatə etməsinə dair texniki məsələlər müzakirə edilib.