close
close
11-05-2023

Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında koordinasiya görüşü keçirilir

Mayın 9-da Quba şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının rabitə administrasiyaları arasında yerüstü xidmətlər üzrə koordinasiya görüşü başlayıb.

 

Görüşdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB və mobil rabitə operatorlarının mütəxəssisləri təmsil edirlər.

 

Həftənin sonunadək davam edəcək tədbir 9 May – Faşizm üzərində Qələbə Gününə və Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdiyindən nümayəndə heyətimiz tərəfindən Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu barədə ətraflı məlumat verilib, habelə Qələbə Günü münasibətilə qarşılıqlı təbriklər səsləndirilib.

 

Koordinasiya görüşündə müxtəlif tezlik zolaqlarından, o cümlədən radio və televiziya yayımı, yeni nəsil mobil rabitə şəbəkələri və digər yerüstü texnologiyaların tətbiqi üçün müvafiq tezlik zolaqlarından sərhədyanı ərazilərdə maneəsiz istifadənin təmin edilməsi məqsədilə zəruri texniki təhlillər və hesabatlar aparılır. Həmçinin sözügedən tezlik zolaqlarının koordinasiyası üçün milli maraqlara uyğun prinsip və meyarların müəyyən edilməsi nəzərdə tutulur.