Azərbaycanla Rusiya arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq Sazişi imzalanıb
Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilmiş görüş çərçivəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Sazişi Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Rusiya tərəfdən isə rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev imzalayıb.
Saziş Azərbaycanla Rusiya arasında telekommunikasiya sektorunun tənzimlənməsi, rəqəmli televiziya və radio yayımı, internetin idarə edilməsi, şəbəkə təhlükəsizliyi, elektron imzaların qarşılıqlı tanınması, poçt xidmətləri, innovasiyalar, rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığı və profil sahələrdə texnologiya transferi kimi məsələləri əhatə edir.