Dövlət Radiotezliklər İdarəsi 2021 Formula 1 yarışlarında tələb olunan tezlik resurslarının ayrılması və idarəolunması üzrə fəaliyyəti uğurla icra edib
Növbəti dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edən Azərbaycan maraqlı idman yarışı təqdim etdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsi (DRİ) yarışın keçirilməsi üçün tələb olunan tezliklər üzrə fəaliyyəti uğurla icra edib. Belə ki, DRİ tərəfindən müvafiq tezlik nominalları araşdırılıb, 393 radiotezliyin ayrılması və yarışlar zamanı həmin tezliklərin kənar maneə təsiri olmadan istifadəsi təmin olunub. Həmçinin, yarışlar zamanı istifadə edilən radioelektron vasitələrin (REV) maneəsiz işinin təmin olunması məqsədilə həmin ərazilərdə sistemli şəkildə radiomonitorinq işləri aparılıb. Bütün REV-in verilmiş icazə şərtlərinə uyğunluğu test edilib və istismarına icazə verilib.
Qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsində yarışlar ərəfəsində və yarışlar zamanı gücləndirilmiş iş rejimi tətbiq olunub. 30-a yaxın mütəxəssisdən ibarət peşəkar tezlik komandamız tərəfindən Formula-1 halqası boyunca və ətraf ərazilərdə müxtəlif xidmətlər üçün ayrılmış radiotezliklərin təyinatına uyğun olaraq maneə təsiri olmadan istifadəsi üçün operativ və təxirəsalınmaz tədbirlər görülüb, eləcə də mobil və portativ qruplar yaradılmaqla növbətçilik aparılıb.