close
close
27-09-2021

Dövlət Radiotezliklər İdarəsində anım günü qeyd olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərancamına əsasən,hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə bağlı Dövlət Radiotezliklər İdarəsində də  27 sentyabr 2021-ci il tarixində xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə  tədbir keçirıldi.

 

Tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

 

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi barədə danışıldı. 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün cənab Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq diqqətə çatdırıldı.

 

Bildirildi ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi yekdil həmrəylik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

 

Həmçinin, tədbirdə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olduğu xüsusi vurğulandı.

 

Sonda şəhidlərin xatirəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.